İnfantino: "FİFA hər ölkədə Pelenin adına stadionların olmasını istəyir"

19:00 02.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

FİFA digər futbol təşkilatlarının üzvləri ilə braziliyalı üçqat dünya çempionu Pelenin şərəfinə hər ölkədə ən azı bir stadionun adının dəyişdirilməsi imkanını müzakirə edir.

Hafta.az xəbər verir ki, bu barədə bazar ertəsi FİFA rəhbəri Canni İnfantino açıqlama verib.

Qeyd edək ki, bu gün Braziliyanın “Santos” klubunun San-Paulu ştatının eyniadlı şəhərindəki stadionunda dekabrın 29-da 82 yaşında dünyasını dəyişən Pele ilə vida mərasimi keçirilir. İnfantino da vida mərasiminə qatılıb.

"Biz istəyirik ki, hər bir ölkədə heç olmasa, Pelenin adını daşıyan bir stadion olsun. 50, 100 il keçəcək, uşaqlarımız bizdən onun haqqında soruşacaq, bütün bunlar Pelenin xatirəsini əziz edər. Bunun baş verəcəyinə əmin olmalıyıq”, - deyə Canni İnfantino bildirib.

Pele (əsl adı Edson Arantis do Nascimento) üç dəfə (1958, 1962, 1970) Dünya Kubokunu qazanan yeganə oyunçudur. O, dəfələrlə 20-ci əsrin ən yaxşı futbolçusu adını qazanıb. Braziliyada Pelenin ölümündən sonra üç günlük matəm elan edilib.